“Avangard Travel” MMC-nin rəhbərinə cinayət işi başlanıb - İş məhkəmədə

11:18 - 7.04.2021


7 aprel, Fineko/abc.az. “Avangard Travel” MMC-nin direktoru vəzifəsində işləmiş Nağıyeva Yeganə Ələddin qızı və həmin şirkətin təsisçisi Nağıyev Ədalət Tağı oğlunun vəzifə səlahiyyətlərinin icrası zamanı qanun pozuntularına yol vermələri barədə Baş Prokurorluğun rəsmi “Instaqram” səhifəsində keçirilən “sual-cavab” sessiyası zamanı daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Yeganə Nağıyevanın əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verilməsi yolu ilə ümumilikdə 16 şəxsə cəmi 2 milyon 583 min manat məbləğində ziyan vuraraq dələduzluq etmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı hər iki şəxs Cinayət Məcəlləsinin 308.2-ci və 178.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Yeganə Nağıyeva barəsində məhkəmənin qərarı ilə həbs, Ədalət Nağıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib, cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Eləcə də, hüquqi şəxs “Avangard Travel” MMC barəsində həmin məcəllənin 308.2-ci maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraata başlanılıb.

 

Bütün xəbərlər