“Sosial Bağlar-2021” layihəsinə müraciətlərin qəbulu başladı

15:00 - 8.04.2021


8 aprel, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Sosial Bağlar” layihəsi üçün müraciətlərin qəbuluna başlanıb.

ABC.AZ nazirliyə istinadən xəbər verir ki, 2021-ci ildə 500 nəfərin cəlb olunacağı layihə bağçılıq üçün əlverişli olan 20 rayonu (Ağsu, Şamaxı, Balakən, Zaqatala, Oğuz, Qəbələ, Goranboy, Göyçay, Hacıqabul, Kürdəmir, Astara,  Lənkəran, Quba, Qusar, Xaçmaz, Şabran, Sabirabad, Şəmkir, Siyəzən, Yevlax) əhatə edir. Həmin rayonlar üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər layihəyə müraciət edə bilər.

Qeyd olunur ki, layihənin icrası zamanı şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük verilir.

Proqrama http://bit.ly/MesgullugLayiheler linkinə daxil olaraq və ya müvafiq Ərazi Məşğulluq Mərkəzlərinə müraciət etmək olar.

 

Bütün xəbərlər