Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının tikintisinə başlanılıb

16:24 - 8.04.2021


8 aprel, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Ermənistanın işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirir.

ABC.AZ agentliyə istinadən xəbər verir ki, icra olunan layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edəcək. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.

Tikintini AAYDA-nın “37 N-li Yol İstismarı” MMC ilə Türkiyənin Polat Yol Yapı San.və Tic. Anonim Şirkəti birgə icra edir.

Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edəcək.

 

Bütün xəbərlər