İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib

16:43 - 8.04.2021


8 aprel, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, icbari tibbi sığortanın tətbiqi, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin göstərilməsi qaydaları, tibbi xidmətlərin göstərildiyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri haqqında  məlumat Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az/) yerləşdirilib. Agentliyin internet səhifəsində icbari tibbi sığorta haqqının hesablanması üçün kalkulyator mövcuddur.

ABC.AZ agentliyə istinadən xəbər verir ki, sığortaolunanlar  həkimin göndərişi əsasında Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutulan 2550 sayda müxtəlif tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilərlər. Xidmətlər Zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin göstərilməsi üçün vətəndaşlar tibb müəssisələrinə (post terminallarına) ödəniş etməlidir. Ödəniş icra olunduqdan sonra vətəndaşa ödənişi təsdiq edən sənəd (qəbz) təqdim olunur. 

Vətəndaşın icbari tibbi sığorta sistemi ilə bağlı sualları yaranarsa,  Agentliyin “1542” nömrəli Çağrı mərkəzinə, qurumun internet səhifəsində “Elektron müraciət” bölməsinə, habelə [email protected] elektron poçt ünvanına və rəsmi ünvanına (Lev Tolstoy küç.170, Bakı, AZ1095) müraciət edə bilər.

Qeyd edək ki, həkimlər tərəfindən dövlət və qeyri-dövlət xəstəxanalarına göndərişlərin verilməsi ilə  bağlı müraciətlərə tibb müəssisələrinin rəhbərlikləri tərəfindən baxılır. Tibb müəssisəsinin rəhbərliyi tərəfindən müraciətlə bağlı verilən cavab qənaətbəxş olmazsa, vətəndaş Agentliyə müraciət edə bilər. Vətəndaş müraciətlərinin qəbulu, onların qanunvericiliyə uyğun araşdırılması və cavablandırılması Agentlik üçün prioritet məsələdir.

 


Bütün xəbərlər