“Made in Azerbaijan brendinin təşviqi mexanizmləri” mövzusunda təlim keçirilib

11:49 - 9.03.2018


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə ““İxrac missiyalarında brend menecmentin önəmi” - Made in Azerbaijan brendinin təşviqi mexanizmləri” mövzusunda təlim keçirilib.

Təlimdə əsasən Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlarda tanıdılması, brendləşmə istiqamətində atmalı olduğu addımlar barədə danışılıb. “Floor 6” şirkətinin təsisçisi Leyla Məmmədovanın apardığı təlimdə iştirakçılara brend menecment və onun önəmi, xarici bazarlara məhsul ixrac etmək istəyən sahibkarlar üçün brend menecment prosesləri, müştərilərin müəyyən edilməsi, brend planın önəmi və hazırlanması ilə bağlı yeni məlumatlar təqdim edilib.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, “İxrac yönümlü təlim və seminarların keçirilməsində əsas məqsəd ixracatçıların maarifləndirilməsi, məhsullarını ixrac etmək istəyən sahibkarların isə sözügedən alətlər haqqında məlumatlandırılmasıdır. Sahibkarlar bu təlimlərdə yeni informasiya qəbul edir və öz fəaliyyətlərində tətbiq edirlər. Habelə, bu təlimlər sahibkarların öz fəaliyyətlərini korporativ standartlar əsasında qurmalarına da yardım göstərir.

“Floor 6” şirkətinin təsisçisi Leyla Məmmədova əlavə edib ki, təlimdə əsas məqsəd xüsusən, ixrac həyata keçirən sahibkarlar üçün brend menecmentin əhəmiyyətini göstərməkdir. “Brend menecment vasitəsilə xarici bazarlarda yerli məhsulların daha peşəkar şəkildə tanıdılması, istehlakçı davranışlarının tədqiqi, brend planların hazırlanması və hesabatlar üzərində iş kimi strateji addımlar göstərilib. Həmçinin, Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılması istiqamətində sahibkarlar maarifləndirilib.

 “İxrac missiyalarında brend menecmentin önəmi” mövzusunda təlimə 40-dan artıq yerli şirkətin nümayəndəsi qatılıb. Qeyd edək ki, buna qədər “Bir Pəncərə “ İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Texnologiyaların PR aləti olaraq istifadə olunması” və “Digital Marketinq” mövzularında təlimlər keçirilib.

 


Bütün xəbərlər