Ordu genişmiqyaslı təlimlər keçirəcək

12:46 - 9.03.2018


9 mart, Fineko/abc.az. Azərbaycan prezidentinin təsdiq etdiyi plana əsasən, 12-17 mart tarixlərində genişmiqyaslı ordu təlimləri keçiriləcək.

Müdafiə nazirliyinin məlumatında deyilir ki, təlimlər, Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə keçiriləcək.

“Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, təlimlər zamanı qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, əks-zərbə endirməklə müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarını yerinə yetirəcək.

“Mürəkkəb dağlıq relyef və radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək”, - deyə məlumatda bildirilir.

Təlimlərdə silahlanmaya yeni qəbul edilmiş müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışları keçiriləcək.

 

 

Bütün xəbərlər