Azərbaycan və Gürcüstan 2018-ci il üçün ikitərəfli əməkdaşlıq planını imzaladılar

16:09 - 9.03.2018


9 mart, Fineko/abc.az. Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, iki ölkənin nazirləri  təkbətək,  sonra isə geniş tərkibdə görüşüblər.

Zakir Həsənov vurğulayıb ki, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın yüksək səviyyədədir və bu, yalnız ölkələrimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

“Hərbi əməkdaşlığın regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli və NATO-nun keçirdiyi proqramlar çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını qeyd edən general-polkovnik Zakir Həsənov, bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb”, - məlumatda belə deyilir.

Azərbaycanın Müdafiə naziri Ermənistanın regional sabitliyə ciddi təhdid təşkil etdiyini, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini diqqətə çatdırıb. Nazir beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiyinə və ərazi bütövlüyünü tanıdığına görə gürcü xalqına bir daha minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Görüşdə Müdafiə nazirləri, rəhbərlik etdikləri qurumlar arasında verifikasiya və silahlara nəzarət sahəsində əməkdaşlıq məsələlərini ətraflı müzakirə ediblər. Tərəflər həmçinin hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq kəsb edən digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Sonda Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2018-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

 

 

 


Bütün xəbərlər