Azərbaycan Miqrasiya Xidməti fevral ayında 1585 qərar qəbul edib

12:31 - 14.03.2018


14 mart, Fineko/abc.az. Fevral ayında Azərbaycan Dövlət Miqrasiya Xidməti, miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1585 qərar qəbul edib.

DMX-in məlumatında deyilir ki, fevralda 712 nəfər Azərbaycandan çıxarılıb.

“İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 900 qərar qəbul edilib ki, onlardan 712-si ölkəni tərk etmə barədə, 188-i ölkə ərazisində yaşamalarını qanuniləşdirmə ilə bağlı olub.

Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 643 qərardan 495-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 148-i isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə bağlı olub. Müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı 10 qərar qəbul edilib”, - məlumatda belə deyilir.

Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 6421 müraciət daxil olub.

Daxil olan müraciətlərin hər biri fərdi şəkildə araşdırılmış, müvafiq qərar qəbul edilmişdir.

Bir ay ərzində Miqrasiya Xidmətinin Qaynar Xəttinə 8152 çağırış daxil olub.

 

 

 

Bütün xəbərlər