Bir milyondan çox insan üçün yaşayış evləri tikməliyik - Prezident

15:41 - 21.05.2021


21 may, Fineko/abc.az. Biz dəymiş zərərin hesablanması üçün beynəlxalq şirkətləri dəvət etmişik və işğalçıları beynəlxalq məhkəmələrə verəcəyik.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, onlar qanunsuz olaraq bizim sərvətlərimizi talayıb, xüsusilə də qızıl yataqlarımızı.

"Artıq bu işlə məşğul olan həmin şirkətlərlə bağlı hüquqi prosedurlara başlanılıb. İnfrastruktur layihələrinə artıq start verilib. Mən azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan etmişəm və orada əsasən bərpaolunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə ediləcək. Daha dolğun təsəvvür yaratmaq üçün qeyd etmək istəyirəm ki, azad olunmuş ərazilər sahəsinə görə Livanın ərazisinə bərabərdir. Biz bir milyondan çox insan üçün yaşayış evləri tikməli və infrastruktur yaratmalıyıq. Livan boyda ərazilərdə işlər görülməlidir, bunların böyük hissəsi də dağlıq ərazilərdir ki, bu da işləri bir qədər çətinləşdirir. Biz bu işə sadiqik və bunu edəcəyik. Lakin, ilk növbədə, biz əraziləri minalardan təmizləməliyik, çünki onlar çox təhlükəlidir" deyə İ.Əliyev vurğulayıb.

 

Bütün xəbərlər