330x110
 

Azərbaycanda VI Qlobal Bakı Forumu öz işinə başlayıb

15.03.2018,11:41


15 mart, Fineko/abc.az. Bu gün paytaxtda VI Qlobal Bakı Forumu öz işinə başlayıb.

Forum Diaspora ilə İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.

Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Forumda Yaxın Şərqdəki sülh və təhlükəsizlik məsələləri, Balkan bölgəsindəki mövcud və gələcək vəziyyət, müasir dövrün ictimai və siyasi həyatında gənclərin artan rolu müzakirə ediləcək.

Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq.

 

 

 

 

Açar sözlər: Qlobal Bakı Forumu