COVID-19 pasportunu necə əldə etmək olar? - Agentlikdən açıqlama

17:01 - 25.05.2021


25 may, Fineko/abc.az. COVID-19 pasportunun əldə edilməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlama yayıb.

Agentlikdən ABC.AZ-a daxil olan açıqlamada qeyd olunub ki, COVID-19 pasportunun iki növü var ki, onlardan biri “COVID-19 vaksin sertifikatı”, digəri isə "COVID-19 immunitet sertifikatı”dır. “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir.

Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da inteqrasiya edilib. Burada “ASAN Login” sisteminə istifadəçi FİN-i, “Asan İmza”, Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə “Digər xidmətlər” bölməsi seçilməlidir. “Digər xidmətlər” bölməsi seçildikdə ekranda “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı” seçimləri əks olunur.

Əgər vətəndaş vaksin olunubsa “COVID-19 vaksin sertifikatı” seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə “COVID-19 immunitet sertifikatı” seçimini etməlidir.

Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. COVID-19 pasportunun doğruluğu sənəddə əks olunan “QR Code” vasitəsi ilə də yoxlanıla bilər.  Vətəndaşlar COVID-19 pasportunu “E-Təbib” mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər" deyə açıqlamada qeyd olunub.

 

Bütün xəbərlər