Azərbaycan-İran Dövlət Komissiyasının iclasından sonra memorandum imzalanıb

14:12 - 15.03.2018


15 mart, Fineko/abc.az. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasının yekunlarına dair Anlaşma Memorandumu Tehranda martın 14-də imzalanıb.

Azərbaycan İqtisadiyyat Nazirliyindən alınan məlumata əsasən, dünən Memorandumu Dövlət Komissiyasının həmsədrləri - Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri Məsud Kərbasian imzalayıb.

“Anlaşma Memorandumunda iqtisadiyyat, ticarət, sahibkarlıq, sənaye, kənd təsərrüfatı, bankçılıq, nəqliyyat, rabitə və yüksək texnologiyalar, energetika, gömrük və sərhəd, su və ətraf mühit, idman və gənclər, elm və təhsil, səhiyyə, mədəniyyət və turizm və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur”, - məlumatda belə deyilir.

Sənəddə, Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipləri daxil olmaqla, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslandığı bir daha vurğulanıb və hər iki ölkənin fiziki və hüquqi şəxslərinin fəaliyyətlərini bu prinsiplərə və milli qanunvericiliyə uyğun olaraq təmin etməsi də qeyd edilib.

 

Bütün xəbərlər