Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Cisco” Memorandum imzaladi

16:56 - 15.03.2018


Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NYRTN) “Cisco” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.  

İmzalanma mərasimində milli rəqəmli infrastrukturun yaradılması, kadr potensialının gücləndirilməsi, sosial-iqtisadi sahələrdə biznes innovasiyalarının tətbiqi məsələləri müzakirə olunub.

Əsas müzakirə mövzusu kimi seçilən hər üç strateji istiqamət ölkədə elektronlaşma prosesinin sürətləndirilməsinə, əhalinin bu sahədə biliklərinin artırılmasına, xərclərin azaldılması və yeni gəlir mənbələrinin yaradılmasına imkan verəcək.

Tərəflər arasında əldə olunan razılığa əsasən, şəbəkə avadanlıqları və kibertəhlükəsizlik sahəsində lider olan “Cisco” şirkətinin texniki imkanları vasitəsilə müasir, son texnologiyalara əsaslanan İKT həllərinin ölkəmizdə tətbiqi üzrə əməkdaşlıq ediləcək.

“Cisco” şirkəti Rəqəmsallaşma Prosesinin Sürətləndirilməsi Strategiyasını həyata keçirir ki, bu strategiya milli hökumətlər, sənaye və elmi təsisatlar üçün uzunmüddətli tərəfdaşlığı ehtiva edir.

Sözügedən strategiyaya uyğun olaraq, yeni nəsil poçt xidmətləri, intellektual nəqliyyat, kibertəhlükəsizlik, genişzolaqlı internet xidmətlərinin təkmilləşdirilməsi və qeyd olunan sahələrdə çalışan işçilərin bilik səviyyəsinin yüksəldilməsi üzrə birgə əməkdaşlıq ediləcək.

Rəqəmsallaşma prosesinin sürətləndirilməsi isə ölkə iqtisadiyyatında ümumi daxili məhsulun (ÜDM) payının artmasına və yeni iş yerlərinin açılmasına imkan verir. Həmçinin, bu proses yeni texnologiyaların tətbiqinin genişlənməsi ilə dövlət və özəl sektorlarda çalışan işçilərin bilik səviyyəsinin yüksəlməsinə də şərait yaradır.

Əməkdaşlıq çərçivəsində rəqəmli texnologiyalardan istifadənin daha da genişləndirilməsi və yeni İKT həllərinin tətbiqi məqsədilə birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulub.

 

Bütün xəbərlər