Azərbaycanın quru sərhədləri açılır? – Yeni təkliflər hazırlanır

10:10 - 3.06.2021


3 iyun, Fineko/abc.az. Azərbaycanın quru sərhədlərinin açılması məsələsi aktualdır.

Bu barədə ABC.AZ-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Agentlik rəsmisi bildirib ki, turistlərin Azərbaycana gəlməsi və yenidən bu imkanların yaradılması əlbəttə ki, ölkəmiz üçün də gündəmdə olan mövzudur.

Onun sözlərinə görə, hazırda dövlət qurumları, o cümlədən də Dövlət Turizm Agentliyinin iştirakı ilə bu məsələlər müzakirə edilir: “Azərbaycanda bu istiqamətdə verilən qərarlar insanların sağlamlığının, təhlükəsizliyinin təminatına əsaslanır. Əsas məsələ budur. Bundan sonra digər məsələlərin yolları axtarılır. Azərbaycan üçün ən vacibi təhlükəsizlik məsələləridir. Çalışırıq ki, faktiki olaraq nəzarətdə olan şəraitə heç bir xələl gətirilməsin. Əlbəttə ki, sərhədlərin açılması müəyyən riskləri özündə daşıyır. Hazırda Dövlət Turizm Agentliyi tərəfindən də təkliflər hazırlanır. Müxtəlif ölkələrin təcrübəsi, mexanizmləri öyrənilir. Yəni burda artıq özünü nümayiş etdirə biləcək uğurlu formalara baxılır ki, sərhədlər açılanda hansı keçid şərtlər olsun. Qərar veriləndə bilinəcək ki, hansı daha yaxşı variantdı. Amma ümumi belə bəllidir ki, hansı məsələlərə baxa bilərik və digər dövlətlər hansı mexanizmləri tətbiq edilə bilər”.

Qeyd edək ki, iyunun 1-dən Gürcüstan 50-dən çox ölkənin vətəndaşları üçün quru sərhədlərini açdığını elan edib. Şərtlərə görə, qonşu ölkəyə daxil olacaq şəxslərdən son 72 saat ərzində aparılan "PCR" testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər