Aİ 95 benzini gələn ildən Azərbaycanda istehsal olunacaq - Deputat anons etdi

12:17 - 3.06.2021


3 iyun, Fineko/abc.az. Beynəlxalq yanacaq bazarındakı qiymət dəyişikliyindən asıllığı aradan qaldırmaq üçün Azərbaycanda yeni zavodların inşası nəzərdə tutulub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.

O qeyd edib ki, onda olan məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya nəticəsində 2022-ci ilə qədər “Aİ-95” və “Premium” markalı benzinlərin istehsalı mümkün olacaq.

"Bu da bizi beynəlxalq yanacaq bazarındakı asıllılıqdan azad edəcək və dövlət bu marka benzinlərin də tənzimlənməsini həyata keçirə biləcək. Ümumilikdə nəzərə almalıyıq ki, hazırda qonşu ölkələrlə müqayisədə Azərbaycanda yenə də bu marka benzinlərin qiyməti aşağıdır. Ancaq istənilən halda, biz bu asıllığı tamamilə aradan qaldırmaq və qiyməti stabil saxlaya bilmək üçün məhz bu marka benzinləri istehsal edəcək zavodların tikilməsini həyata keçirməliyik. Bilirsiniz ki, əslində “Aİ-95” və “Premium” markalı benzinləri daha çox bahalı avtomobillərin sürücüləri istifadə edirlər. İstər-istəməz, bu, yüklərin daşınmasında və kənd təsərrüfatı məhsullarının artımına elə də böyük təsir etməməlidir. Bu baxımdan da biz çalışmalıyıq, xüsusilə də aidiyyatı qurumlar çalışmalıdırlar ki, bunu bəhanə gətirərək süni qiymət artımına imkan verilməsin. Çalışmalıyıq ki, bu məsələdə hər birimiz fəallıq göstərək”, - deyə deputat qeyd edib.

 

Bütün xəbərlər