330x110
 

Sumqayıtdakı tibb mərkəzləri də TƏBİB-in tabeçiliyinə keçdi

04.06.2021,14:18


4 iyun, Fineko/abc.az. Səhiyyə sistemində həyata keçirilən islahatlar çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb.

Agentlikdən ABC.AZ-a verilən məlumata görə, aparılmış struktur dəyişikliyinə əsasən paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib.

Nəsimi rayonu ərazisində fəaliyyət göstərən 1 saylı Kliniki Tibbi Mərkəzin bazasında Nəsimi, Yasamal və Səbail rayonları üzrə tibb müəssisələrini özündə birləşdirən Kliniki Tibbi Mərkəz yaradılıb. Digər inzibati ərazi vahidləri üzrə isə Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Qaradağ (Lökbatan), Ələt (Qaradağ), Xətai, Pirallahı və Xəzər tibb mərkəzləri təsis olunub. Qaradağ rayonunun ərazisinin böyüklüyü ilə bağlı və sakinlərin tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədi ilə sözügedən rayon üzrə 2 tibb mərkəzi (Lökbatan, Qaradağ) yaradılıb.

Bundan başqa, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi  və dördü şəhər xəstəxanası olmaqla 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb.