“AtraBank”ın İdarə Heyətinin keçmiş sədri barəsində cinayət işi materialları məhkəməyə ötürülüb

12:47 - 16.03.2018


16 mart, Fineko/abc.az. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, digər təqsirli şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üzrə, həmçinin,  Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu (AƏSF) ilə birlikdə yetirilmiş zərərin kompensasiyası üzrə tədbirləri davam etdirir.

Baş Prokurorluğun məlumatında deyilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, AƏSF-dan aldığı məlumatlara əsasən, “AtraBank”ın İdarə Heyətinin sədri olmuş Nəbiyev Elmixan tərəfindən törədilən  maliyyə fırıldaqçılığı faktlarını müəyyən etmişdir.

“İstintaq zamanı E.Nəbiyevin “AtraBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən bank sahəsində qüvvədə olan qanunvericiliyin şərtlərini pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil etmək yolu ilə faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmasına, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməklə talamasına əsaslı şübhələr müəyyən edilmişdir”, - məlumatda belə deyilir.

Baş Prokurorluq cinayət işini, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Qanunsuz hərəkətlərlə külli miqdarda özgə əmlakını mənimsəməsində təqsirli bilinən E.Nəbiyev, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda tərədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmişdir.

Məlumatda deyilir ki, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində  “Bank Standard” QSC, “ZaminBank” ASC, “Bank of Azerbaijan” ASC,  “GəncəBank” ASC-nin, həmçinin ləğvetmə prosesində olan digər bankların vəzifəli şəxsləri barəsində istintaqı aparılan cinayət işləri üzrə qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ilə birgə zəruri tədbirlər davam etdirilir.

"AtraBank" ASC 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycan Mərkəzi Bankı 27 yanvar 2016-cı ildə “AtraBank”ın lisenziyasını ləğv edib.

 

Bütün xəbərlər