Operativ Qərargah məlumat yaydı - Ciddi tədbirlər görüləcək

14:08 - 8.06.2021


8 iyun, Fineko/abc.az. Operativ Qərargah xüsusi karantin rejiminin pozulması hallarına dair məlumat yayıb.

Qərərgahdan ABC.AZ-a daxil olan məlumata görə, son günlər ictimai iaşə (restoran) sahəsində fəaliyyət göstərən sahibkarların xüsusi karantin rejimini, Nazirlər Kabinetinin müvafiq qərarlarını və Respublikanın Baş sanitar həkiminin təlimatlarını kobud şəkildə pozduqları haqda faktlar aşkarlanıb.

Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkəranə halda pozmuş, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıb. Operativ Qərargah bildirir ki, qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq olaraq ciddi tədbirlər görüləcək.

Operativ Qərargah fiziki, hüquqi və vəzifəli şəxsləri xüsusi karantin rejiminin qaydalarına və tələblərinə riayət etməyə çağırır və bir daha xəbərdarlıq edir ki, qaydalara və tələblərə əməl olunmadığı təqdirdə qanuna uyğun ciddi tədbirlər görüləcək.

 

Bütün xəbərlər