Azərbaycanda R-PHARM əczaçılıq zavodu ilk GMP sertifikatı aldı

11:22 - 10.06.2021


10 iyun, Fineko/abc.az. R-Pharm Şirkətlər Qrupunun Azərbaycandakı əczaçılıq kompleksi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Analitik Ekspertiza Mərkəzinin sertifikatlaşdırma auditindən uğurla keçdi və Avropa Birliyi ərazisində (GMP EU) yayılmış lazımi istehsal təcrübəsi prinsiplərinə və qaydalarına uyğun olduğunu təsdiqlədi.

Beləliklə, R-Pharm zavodu ölkədə GMP (Good Manufacturing Practice / Etibarlı İstehsalat Təcrübəsi (EİT)) sertifikatı alan ilk və yeganə əczaçılıq müəssisəsidir.

Audit zamanı şirkətin inzibati bölmələri, zavod laboratoriyaları və istehsal sahələri yoxlanııb. Zavod ikincili qablaşdırılmasını ehtiva edən və məhsul keyfiyyətinin yoxlanmasını təmin edən 3-illik sertifikat aldı.

Beynəlxalq GMP standartları əczaçılıq istehsalçılarına yüksək keyfiyyətli xammal, müasir emal texnologiyalarının istifadəsi, yaxşı planlaşdırılmış binalar və qabaqcıl avadanlıqların olması, istehsalatda çalışan kadrların yüksək ixtisaslaşdırması kimi ciddi tələblər qoyur.

GMP Avropa Birliyində əczaçılıq istehsalının icbarı sertifikatlaşdırma

standartıdır. 2018-ci ilin yanvar ayından etibarən GMP standartları Azərbaycan əczaçılıq bazarı üçün də icbaridir. Azərbaycanda GMP standartları Avropa Birliyi ərazisində qüvvədə olan standartlarla uyğunlaşdırılır.

 

Xatırladaq ki, 9 dekabr 2019-cu ildə Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkətinin və Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi ilə R-Pharm Şirkətlər Qrupunun istehsal kompleksinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Bakıdakı R-Pharm əczaçılıq kompleksi MDB məkanında ən müasir istehsal sahələrindən biridir. Yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş dərman zavodun sahəsi 4,6  hektardır.

R-Pharm zavodu Azərbaycan bazarı üçün onkoloji, kardioloji, endokrin, hemotoloji, antibakterial, virus və sairə kimi ictimai cəhətdən əhəmiyyətli xəstəliklərin terapiyasına yönəldilmiş dərmanlar istehsal edəcək. Həmçinin, hepatit C, şəkərli diabet, vərəm və onun kəskin ağır, formalarından əziyyət çəkən pasiyentlər qabaqcıl terapiyadan yararlanmaq imkanı əldə edəcəklər.


Bütün xəbərlər