"Türk Hava Yolları" Səmərqəndi marşrut şəbəkəsinə əlavə edib

19.03.2018,16:29


YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına daxil olan Səmərqənd şəhəri "Türk Hava Yolları" aviaşirkətinin marşrut şəbəkəsinə 302-ci istiqaməti kimi əlavə olunub.

Əsrlərboyu dünya ticarətinin ən mühüm nəqliyyat yollarının birində – İpək Yolu üzərində yerləşən Səmərqənd "Türk Hava Yolları"nın Özbəkistan üzrə uçuşlar həyata keçiridiyi ikinci şəhəri oldu (paytaxt Daşkənddən sonra).

"Türk Hava Yolları" aviaşirkətinin baş direktoru Bilal Ekşi Səmərqənd hava limanında açılış mərasimi zamanı çıxış edib: “Biz sivilizasiya tariximizin ən əhəmiyyətli şəhərlərindən biri olan və YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilmiş Səmərqəndə uçuşlara başlamışıq. Bundan sonra bizim birbaşa reyslərimiz sayəsində Səmərqəndə 121 ölkədən uçuşlar həyata keçirmək mümkün olacaq.

Hesab edirəm ki, mədrəsə, məscid, muzey, məqbərə, rəsədxana və memarlıq inciləri ilə dolu bu gözəl şəhər turizm sahəsində sürətlə inkişaf edəcək. Üstəlik, biz tarixi xadimlər və alimlər üçün əbədi rahatlıq məkanı olan şəhərə xidmət etməyə şadıq.

Biz fəxr edirik ki, "Türk Hava Yolları" Özbəkistana 1992-ci ildən uçuşlar həyata keçirərək iki qardaş ölkə arasında əlaqələri daim möhkəmləndirir. Bizim aviaşirkət Daşkənd şəhərinə həftədə 7 dəfə uçur, Səmərqəndə isə həftədə iki dəfə uçuşlar yerinə yetirəcək. Gözlənilir ki, vaxt keçdikcə reyslərin sayı həftədə üç dəfəyədək artacaq.

Əminəm ki, bu həftə aviadaşımalar üzrə uzadılan saziş ölkələrimiz arasında hava körpüsünü möhkəmləndirəcək. "Türk Hava Yolları" getdikcə artan müntəzəm reysləri ilə daha çox istiqamətlər üzrə uçuşlar həyata keçirir. Mən Özbəkistan rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istərdim”.

İstanbul-Səmərqənd reysləri həftədə 2 dəfə yerinə yetiriləcək. İstanbuldan Səmərqəndə və əks istiqamətə biletin minmal qiyməti 364 ABŞ dolları (vergi və rüsumlar daxil) təşkil edir.

"Türk Hava Yolları"nın uçuş cədvəli ilə bağlı məlumatı aviaşirkətin rəsmi saytında www.turkishairlines.com, satış ofislərində və ya məlumat mərkəzi ilə əlaqə saxlayaraq (+99412) 404-88-49 əldə etmək mümkündür.