İlham Əliyev: Hal-hazırda fəaliyyət göstərən pambıqtəmizləmə zavodlarının mütləq əksəriyyəti, sovet vaxtlarından qalmış müəssisələrdir

11:26 - 27.03.2018


27 mart, Fineko/abc.az. Dünən, martın 26-da, Bərdə şəhərinin Mədəniyyət Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafları məsələləri üzrə Respublika müşavirəsi keçirildi.

Müşavirə zamanı İlham Əliyev qeyd etdi ki, qısa müddət ərzində Azərbaycanda kompleks tədbirlər nəticəsində pambıqçılığın sürətli inkişafına nail olunub. İndi əsas vəzifə ondan ibarətdir ki, bu müsbət dinamikanı saxlayaq, bunu artıraq və pambıqçılığın gələcək inkişafı ilə bağlı əlavə addımlar ataq.

“Bu il 22 rayonda pambıq əkiləcək və ümid edirəm ki, bütün bu rayonlarda məhsuldarlıq daha da yüksək olacaq. Qeyd edilməlidir ki məhsuldarlıqla bağlı bəzi problemlər var və bu problemlər aradan qaldırılmalıdır. Bundan  sonra Azərbaycanda pambıqçılığın inkişafı yalnız məhsuldarlığın artırılması hesabına təmin edilməlidir. Keçən il orta məhsuldarlıq 15,2 sentner təşkil edib. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Bu, çox aşağı göstəricidir. Baxmayaraq ki, qeyd etdiyim kimi, qısa müddətdə - 2 il ərzində biz pambıq tədarükünü 6 dəfə artıra bilmişik və bu gün 200 min tondan çox pambıq təhvil vermişik, məhsuldarlıq əlbəttə ki, bizi heç cür qane edə bilməz. Əgər biz orta məhsuldarlığı 20 sentner səviyyəsində təmin edə bilsəydik, biz keçən il 270 min ton pambıq götürə bilərdik”, - dövlət başçısı belə deyib.

Onun sözlərinə görə, növbəli əkin sistemi tətbiq edilməlidir. Bu, eyni zamanda, taxılçılığın inkişafına da ciddi təkan verəcəkdir.

“Bu gün fəaliyyətdə olan pambıqtəmizləmə zavodlarının mütləq əksəriyyəti sovet vaxtından qalan müəssisələrdir. Onlar artıq köhnəlib. Düzdür, fəaliyyət göstərirlər, ancaq lazımi səmərə ilə işləmirlər. Ona görə biz gərək emal sənayesini də tədricən yeniləşdirək. Yeni pambıqtəmizləmə zavodlarının tikintisi, eyni zamanda, keyfiyyətə də, məhsuldarlığa da müsbət təsir göstərəcək. Fermerlərə  keyfiyyətli gübrələr verilməlidir. Dövlət bu böyük sahəni demək olar ki, öz üzərinə götürübdür. Gübrələrin 70 faizinin pulunu dövlət öz üzərinə götürür. Ancaq elə gübrələr gətirilməlidir ki, onların keyfiyyəti yüksək səviyyədə olsun və müvafiq qurumlar bu il bu məsələyə ciddi nəzarət etməlidirlər”, - İ.Əliyev belə deyib.

 

 

Bütün xəbərlər