İsmayıllının 4 kəndinin yolları yenidən qurulur

17:31 - 12.07.2021


12 iyul, Fineko/abc.az. İsmayıllı rayonunda 4 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyətli Muğanlı–İsmayıllı yolunun 17-ci kilometrindən başlanğıcını götürən Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.

Avtomobil Yolları Dövlət Agentliyinin ABC.AZ-a daxil olan məlumata görə, ümumi uzunluğu 25 kilometr olan yeni yol 4 istiqamət üzrə inşa edilir.

Bu, Qıçatan kəndi, Tağlabiyan-Kəlfərəc, Zeyvə–Kürdüvan–Xankəndi–Mücü və Sərsurə–Kələzeyvə–Sulut kəndləri istiqamətləridir. Sözügedən avtomobil yolunun inşası ilə Böyük Qafqazın cənub ətəklərində, səfalı İsmayıllı ərazisində yerləşən, Azərbaycanın hələ XII əsr xəritələrində adı çəkilən, ilk insan məskənlərindən biri sayılan Sulut, qədim kəndlərimizdən sayılan Qıçatan, səfalı bulaqları ilə tanınan Sərsurə, tarixi abidələri, türbələri, ibadətgahları ilə bilinən Kələzeyvə və digər kəndlərdə təsərrüfat və turizmin inkişafına gətirib çıxarmaqla yanaşı, ərazidə yaşayan əhalinin sosial rifah halına da müsbət təsir etmiş olacaq. Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün avtobus dayanacaqları inşa ediləcək, yol nişanları, məlumatverici lövhələr quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.

 

Bütün xəbərlər