Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları UNİCEF-in nümayəndə heyəti ilə görüşüb

16:46 - 29.03.2018


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları UNİCEF-in nümayəndə heyətini qəbul edib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin Təfdiş və dövlət nəzarəti şöbəsinin müdir müavini Namiq Zeynalov, Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Aynur Kərimova iştirak edib. UNİCEF-in nümayəndə heyətini isə qurumun Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova, Sosial Dəyişiklik üzrə Təşviqat Proqramının rəhbəri Elza İbrahimova təmsil edib.

Təfdiş və dövlət nəzarəti şöbəsinin müdir müavini Namiq Zeynalov Agentliyin 1 yanvar 2018-ci il tarixindən etibarən fəaliyyət göstərdiyini, hazırda fəaliyyətinin təminatı ilə bağlı zəruri təşkilati-texniki tədbirlərin həyata keçirildiyini, o cümlədən Agentliyin kadr tərkibinin və strukturunun formalaşması istiqamətində işlər aparıldığını UNİCEF nümayəndə heyətinin diqqətinə çatdırıb. Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Aynur Kərimova isə UNİCEF-lə birlikdə əhalinin maarifləndirilməsinə yönələn birgə sosial məsuliyyət layihələrinin həyata keçirilə biləcəyini bildirib.

UNİCEF-in nümayəndə heyətini isə qurumun Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova uşaqların sağlamlıq və qidalanmasına, hamilə qadınlarda anemiyaya (dəmir çatışmazlığı) diqqət çəkərək, bu sahədə Agentliklə əməkdaşlığa hazır olduqlarını bildirib. Proqramın rəhbəri bu maarifləndirmə, təbliğat-təşviqat işlərinin digər dövlət qurumları ilə birlikdə kompleks şəkildə həyata keçirilməsinin daha effektli təsirlər göstərəcəyini vurğulayıb.

Görüşdə unun zənginləşdirilməsi, körpələrin ana südü ilə qidalanmasının önəmi, bu sahədə əhalinin maarifləndirmə işlərinin həyata keçirilməsi və iki qurum arasındakı əməkdaşlığın perspektivləri dəyərləndirilib.

 

 

Bütün xəbərlər