Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qobustanda vətəndaşlarla görüşüb

14:26 - 30.03.2018


Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qobustan şəhərində görüş keçirib.

Qobustan şəhərində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərin iştirak etdiyi qəbulda vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yoltəmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətləri dinlənilib və əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Regiona səfəri çərçivəsində Ramin Quluzadə aidiyyatı rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.

Bütün xəbərlər