Bakıda Böyük Şor gölü üzərində yeni avtomobil yolu tikilir

02.04.2018,10:07


2 aprel, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yollarda sıxlığın azaldılması üçün paytaxtın yol infrastrukturunun inkişafı üzrə tədbirlər görməkdə davam edir.

Agentliyin məlumatında deyilir ki,  daha bir yolun tikintisinə başlanılır.

“Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirəcək yeni yol, Böyük Şor gölü üzərindən keçəcək”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, Böyük Şor gölünü iki yerə böləcək və birinci texniki səviyyəyə uyğun olacaq yolun uzunluğu 2,7 km təşkil edəcək. Yol, dörd hərəkət zolağından ibarət olacaq, yolun eni 15 m təşkil edəcək. Yolun əvvəlində və sonunda tunellər tikiləcək.