Cari ildə “AÇG” yataqlarından 11 milyon ton neft çıxarılıb

14:27 - 6.08.2021


6 avgust, Fineko/abc.az. Cari ilin I yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından gündə orta hesabla 468 min barel və ümumilikdə 85 milyon barel və yaxud 11 milyon ton neft çıxarılıb.

Bu barədə ABC.AZ “BP-Azerbaijan” şirkətinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% azdır.

Qeyd olunur ki, 6 ay ərzində ayrı-ayrı platformalar üzrə hasilat aşağıdakı kimi olub.

“Çıraq” - 30 min barel (8 min barel az);

“Mərkəzi Azəri” - 111 min barel (12 min barel az);

“Qərbi Azəri” - 118 min barel (4 min barel az);

“Şərqi Azəri” 78 min barel (12 min barel çox);

“Dərinsulu Günəşli” - 88 min barel (8 min barel az);

“Qərbi Çıraq” 43 min barel (10 min barel az).

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq II rübdə Qərbi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib.

Plana əsasən “Qərbi Azəri” platformasından hasilat təxminən 13 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.

II rübün sonunda AÇG-də ümumilikdə 131 neft hasilat quyusu (2 quyu çox), 44 su injektor quyusu (2 quyu çox) və 8 qaz injektor quyusu (1 quyu çox) istismarda olub.

 

Bütün xəbərlər