İran Azərbaycanı Vətən müharibəsində əldə etdiyi qələbə münasibətilə təbrik edib

16:59 - 6.08.2021


6 avgust, Fineko/abc.az. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

Xəbər verilir ki, Milli Məclisin sədri Sahibə Qafarovanı və nümayəndə heyətinin üzvlərini salamlayan Prezident Seyid İbrahim Rəisi onun andiçmə mərasimində iştirak etdiyinə görə Azərbaycan nümayəndə heyətinə təşəkkür edib. O, Vətən müharibəsində əldə etdiyi qələbə münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. İran prezidenti Azərbaycan xalqına firavanlıq və xoş günlər arzulayıb.

Milli Məclisin Sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını və təbriklərini İran Prezidentinə çatdırıb. Spiker bildirib ki, Azərbaycan dost və qonşu ölkə olan İranla əlaqələrin inkişafına həmişə böyük diqqət yetirmiş və gələcəkdə də bu əlaqələri dərinləşdirmək niyyətindədir. Sahibə Qafarova qeyd edib ki, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız xalqlarımızın ümumi mənafelərinə xidmət edir.

İran Prezidenti Seyid İbrahim Rəisi Prezident İlham Əliyevin təbriklərinə görə, minnətdarlığını bildirib və onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

 

Bütün xəbərlər