Səngəçal terminalından 115 milyon barel neft və kondensat ixrac edilib

17:18 - 6.08.2021


6 avqust, Fineko/abc.az. 2021-ci ilin I yarısında Səngəçal terminalından 115 milyon barel neft və kondensat ixrac edilib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,45% azdır.

ABC.AZ “BP-Azerbaijan” şirkətinin açıqlamasına istinadən xəbər verir ki, son 1 ildə terminaldan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə ixrac edilən neftin həcmi 10,8% azalaraq 99 milyon barelə düşüb, Qərb İxrac Boru Kəməri ilə ixrac edilən neftin həcmi isə dəyişməyərək 16 milyon barel qalıb.

Bundan başqa, 2021-ci ilin ilk 6 ayında terminaldan gündəlik orta hesabla təxminən 55 milyon standart kubmetr (1,93 milyard standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 6,9% çoxdur.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

 

Bütün xəbərlər