İlham Əliyev “Abşeron” yarımstansiyasının açılışında iştirak edib

14:21 - 9.08.2021


9 avqust, Fineko/abc.az. Avqustun 9-da Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının açılışında iştirak edib.

ABC.AZ xəbər verir ki, ötən əsrin 70-ci illərində Cənubi Qafqazda ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyası inşa edilib, Bakı şəhəri və Abşeron yarımadasının sürətlə artan tələbatını qarşılamaq üçün bu stansiyada istehsal olunan elektrik enerjisinin Abşeron yarımadasına ötürülməsi məqsədilə ölkənin ən böyük yarımstansiyası olan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının tikilməsinə başlanılıb.

“Abşeron” yarımstansiyasında 40 ilə yaxın müddətdə istismarda olan avadanlıqlar köhnəldiyindən, yeni texnologiyalara cavab vermədiyindən və bütün bunlarla yanaşı tələbat dəfələrlə artdığından istismarda ciddi problemlər yaranırdı. Məhz buna görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkənin ən böyük yarımstansiyası olan “Abşeron” yarımstansiyası əsaslı şəkildə yenidən qurulub.

Qeyd edək ki, "Abşeron" enerji qovşağı nəinki Bakı və Abşeron yarımadasının, bütövlükdə ölkənin enerji sisteminin əsas bazası hesab olunur. Belə ki, Mingəçevir, Şirvan və digər şəhərlərdə yerləşən iri elektrik stansiyalarından çox böyük həcmdə yük məhz “Abşeron” yarımstansiyasına, buradan isə sistem əhəmiyyətli 330, 220 kilovoltluq yarımstansiyalara ötürülür.

 

Bütün xəbərlər