Dövlət büdcəsinin gəlirləri 2,2 % azalıb

16:57 - 10.08.2021


10 avgust, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb.

Maliyyə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, dövlət büdcəsinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 % və ya 267,8 milyon manat azalmaqla 11 milyard 755,0 milyon manat, xərcləri 1,2 % və ya 140,3 milyon manat azalmaqla 11 milyard 590,5 milyon manat, Dövlət Neft Fondundan transfert istisna olmaqla gəlirləri 11,2 % və ya 710,6 milyon manat artmaqla 7 milyard 58,4 milyon manat icra edilib.

Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 4 % və ya 480,3 milyon manat az, gəlirləri 3,5 % və ya 442,2 milyon manat az icra edilib. Bununla yanaşı, yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri illik proqnozun 46,2 %-ni, xərcləri isə 40,6 %-ni təşkil edir.

Göründüyü kimi, dövlət büdcəsində 2020-ci ilin yanvar-iyun aylarında 292,0 milyon manat, 2021-ci ilin müvafiq dövründə isə 164,5 milyon manat profisit yaranıb.

 

Bütün xəbərlər