"OPEC+" ölkələri iyulda öhdəliklərini 110% yerinə yetirib

14:58 - 12.08.2021


12 avqust, Fineko/abc.az. "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu ilin iyul ayında neft hasilatının azaldılması üzrə razılaşmanı 110% yerinə yetiriblər.

Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına görə, ötən ay OPEC ölkələri razılaşmanı 116%, qeyri-OPEC ölkələri isə 99% yerinə yetirib.

Qeyd edək ki, iyulda Rusiya razılaşma çərçivəsində öhdəliyini 95% icra edib.

Məlumata görə, "OPEC+" ölkələri üzrə gündəlik neft hasilatı iyulda 41,7 mln. barel təşkil edib.

Xatırladaq ki, "OPEC+" pandemiya səbəbindən neftə tələbin azaldığını nəzərə alaraq, ötən ilin mayından istehsalını gündəlik 9,7 mln. barel azaldıb. Vəziyyət sabitləşdikcə məhdudiyyətlər nisbətən aradan qaldırılıb. Bu ilin may ayında gündəlik hasilat 6,55 mln. barel, iyun ayına 6,2 mln. barel olub, iyulda isə 5,8 mln. barel təşkil edib.

Əlavə etmək lazımdır ki, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul ediblər.

 

Bütün xəbərlər