Cari ildə dövlət xətti ilə verilən güzəştli ipoteka kreditinin məbləği açıqlanıb

12:25 - 13.08.2021


13 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə cari ilin yanvar-iyul aylarında müvəkkil banklar tərəfindən 3 445 ailəyə 230,5 mln. manat məbləğində ipoteka krediti verilib.

ABC.AZ xəbər verir ki bu barədə İKZF-nin məumatında deyilir.

Məlumata görə, verilən kreditlərin 153,6 mln. manatı adi ipoteka kreditlərinin (2 040 ədəd), 76,8 mln. manatı isə güzəştli ipoteka kreditlərinin (1 405 ədəd) payına düşüb.

Ümumilikdə, 2006-cı ildən bu günədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,882 mlrd. manatdan çox, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 35 112 olub. Bu kreditlərin 625 mln. manatdan çox hissəsini (12 150 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edir.

Borcalanların iş yerlərinə görə pay bölgüsünə əsasən, onların 50%-dək hissəsini özəl sektorda çalışanlar təşkil edib. İpoteka kreditlərindən faydalananların 70%-ə yaxını gənclər və gənc ailələrdir.

Fond qeyd edir ki, ötən müddət ərzində ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahələrinin orta qiyməti 81,1 min manat, orta kredit məbləği 55,9 min manat, orta illik faiz dərəcəsi isə 6,3% təşkil edib. MDB ölkələri ilə müqayisədə Azərbaycanda vətəndaşlar üçün ən əlverişli ipoteka krediti şərtləri tətbiq olunur. Müqayisə üçün Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1%, orta faiz dərəcəsi 7,4% təşkil edir, Qazaxıstanda isə faiz dərəcələri 13%-dən başlayır.

 

Bütün xəbərlər