Biz BMT-nin qətnamələrini özümüz yerinə yetirdik - Prezident

16:46 - 24.08.2021


24 avgust, Fineko/abc.az. Bir çox hallarda mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini qaldırmışdım. Çünki düşünürdüm ki, bu, toqquşmanın, müharibənin qarşısının alınması üçün bir yol ola bilərdi.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirdik.

"Ötən il, müharibədən cəmi bir neçə gün əvvəl, Baş Assambleyada çıxış edərkən mən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim. Bu, təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilinin nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik”.

 

Bütün xəbərlər