Saxta COVİD 19 pasportu satanlara qarşı əməliyyat - Saxlanılanlar var

16:08 - 27.08.2021


27 avgust, Fineko/abc.az. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

ABC.AZ xəbər verir ki, məlumatda Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhər Poliklinikasında pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksinasiya olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilməsi həyata keçirilir.

Paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini S.Həsənova, tanışları həmin poliklinikanın sahə həkimi R.Əliyeva və qeyd edilən tibb müəssisəsinin həkim-terapevti G.Mədətzadə saxlanılıblar.

Həmçinin R.Əliyevadan pul müqabilində guya peyvənd olunmuş şəxs kimi qeydiyyata düşmək üçün ona müraciət edən müxtəlif vətəndaşlara məxsus şəxsiyyət vəsiqələri və sürətləri, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti aşkar olunub.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırmalar aparılır.

 

Bütün xəbərlər