Şuşanın baş planı Prezident və birinci xanıma təqdim olunub

10:27 - 30.08.2021


30 avgust, Fineko/abc.az. Avqustun 29-da Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub.

ABC.AZ xəbər verir ki, dövlət başçısına və birinci xanıma məlumat verilib ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb.

Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb.

Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Həmçinin şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub.

Bu dayanacaqlar elə qoyulacaq ki, şəhərin küçələrinə giriş-çıxışa maneə olmasın.

 

Bütün xəbərlər