ARDNŞ Bolqarıstanın qazlaşdırılmasında iştirak imkanlarını müzakirə etdi

15:22 - 5.04.2018


5 aprel, Fineko/abc.az. ARDNŞ Sofiyada Bolqarıstanın qazlaşdırılmasında iştirak imkanını müzakirə etdi.

Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstanın Baş naziri Boyko Borisov arasında Bolqarıstanın qazlaşdırılması proqramında ARDNŞ-ın mümkün iştirakının araşdırılması haqqında əldə edilmiş razılaşmaya əsasən, ARDNŞ-ın vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti Bolqarıstanın müvafiq qurumları ilə müzakirələr aparmaq məqsədilə Sofiya şəhərinə səfər edib.

ARDNŞ xəbər verir ki, nümayəndə heyətinin ilk görüşü Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova ilə olub və o, ARDNŞ-a Bolqarıstanın qazlaşdırılmasında iştirak etmək perspektivi ilə bağlı hökumətin mümkün dəstəyini bildirib. ARDNŞ prezidentinin müşaviri, “SOCAR Balkans” şirkətinin icraçı direktoru Murad Heydərov “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında cari vəziyyət barədə məlumat verib. Daha sonra, “ICGB” şirkətinin icraçı direktoru Teodora Georgiyeva Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsi, “Bulgartransqaz” şirkətinin icraçı direktoru Vladimir Malinov isə qaz infrastrukturun inkişafı proqramı çərçivəsində həyata keçirilən layihələr barədə məlumat veriblər. Daha sonra mütəxəssislər arasında müzakirələr aparılıb.

ARDNŞ nümayəndə heyəti ilə Bolqarıstan Su və Enerji məsələləri üzrə Tənzimləyici Orqanı arasında görüş keçirilib. Tənzimləyici Orqanın İdarə Heyətinin sədri professor İvan İvanov və idarə heyətinin digər üzvləri Tənzimləyici Orqanın fəaliyyət istiqamətləri, Bolqarıstanın qaz sektorunda mövcud qanunvericilik və tənzimləyici aktlar barəsində məlumat veriblər. Ölkənin qazpaylayıcı sisteminin inkişafı ətrafında mövcud lisenziya məsələləri, hüquqi və maliyyə aspektləri və texniki tələblər barəsində geniş tərkibdə müzakirələr aparılıb, Azərbaycanın nümayəndə heyətini maraqlandıran suallara cavablar verilib. 

Xatırladaq ki, 2 qitə və 6 ölkə üzərindən inşa edilən Cənub Qaz Dəhlizi meqalayihəsinin 3 seqmenti – “Şahdəniz” qaz yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və TANAP layihəsinin Türkiyəyədək olan hissəsi artıq bu ildə başa çatdırılacaq. 2020-ci ildən etibarən Cənub Qaz Dəhlizinin dördüncü seqmenti olan TAP boru kəməri ilk qaz həcmlərini Avropa ölkələrin bazarlarına çatdıracaq. “Şahdəniz” yatağında əldə edilən qazın bir qismi, zəmanət əsasında Azərbaycanın daxili tələbatına yönləndiriləcək. İldə 6 milyard kubmetr qazın Türkiyə bazarına, 10 milyard kubmetr qazın isə Avropa bazarına satışı nəzərdə tutulur. Cənub Qaz Dəhlizi üzrə nəql edilməsi nəzərdə tutulan təbii qazın bir hissəsinin Balkan ölkələrinin bazarlarında da reallaşdırılması üçün həmin ölkələrdə qazpaylayıcı şəbəkələrin inkişaf etdirilməsi istiqamətində layihələndirmə işləri aparılır.

 

Bütün xəbərlər