330x110
 

Beynəlxalq “Turizm və Səyahətlər” “AITF 2018” sərgisi açıldı

05.04.2018,16:11


5 aprel, Fineko/abc.az. Bu gün, aprelin 5-də, Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” “AITF 2018” sərgisi açılıb.

Sərgi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group plc” şirkətləridir, “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstandır. AITF Dünya Turizm Təşkilatının (UNWTO)  və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) dəstəyinə malikdir.

Sərginin açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev bildirib ki, AITF turizm sənayesinin 17 dəfə beynəlxalq görüş platformasına çevrilib. Nazir qeyd edib ki, bütün dünyada Azərbaycan turizmini təbliğ etmək üçün çox işlər görülür. Son illərdə Azərbaycana gələn turist sayında artım müşahidə olunduğunu deyən nazir, 2017-ci ildə ölkənin turizm potensialının 20% artdığını bildirdi. Cari ilin üç ayı ərzində, keçən ilin müvafiq dövrü ilə müqayisədə, ölkəmizə gələn turistlərin sayı 12,5% artıb.

Tədbirdə çıxış edən Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili bildirib ki, ötən il Azərbaycanda turizm sektorunun inkişafı üçün uğurlu olub. O, Azərbaycan hökumətini bununla bağlı təbrik edib bildirdi: “Sərgilərin artan sayı bir daha Azərbaycana marağın olmasını sübut edir. Hesab edirəm ki, bu sektorun inkişafının vacib aspektlərindən biri qadınlar və gənclər üçün şəraitin yaradılmasıdır. Yeni texnologiyaların tətbiqi turizm sənayesinin inkişafına kömək edəcəkdir. Belə dünyəvi tədbirlər daha çox turist cəlb edəcək və onlar, Bakının necə gözəl şəhər olduğunu əyani görəcəklər”.

Bolqarıstanın turizm nazirinin müavini İrena Georqiyeva çıxış edərək ölkəsinin Qafqazın ən böyük sərgisi sayılan “AITF”in tərəfdaşı olmağından məmnunluğunu bildirib. “Sərgi çərçivəsində reallaşacaq görüşlər iştirakçı dövlətlər arasında turizm sahəsində əlaqələrə təsir göstərəcək. Əməkdaşlığımızın nəticəsi olaraq bu ilin yanvarında Bakı-Sofiya aviaxətti açılıb. Bu da öz növbəsində ikitərəfli turizm axınına müsbət təsirini göstərməkdədir. Ötən il Azərbaycandan Bolqarıstana səfər edən turistlərin sayı 3300, ölkəmizdən Azərbaycana səfər edən turistlərin sayı isə 2100 nəfər olub. Ölkələrimizin daha böyük turizm potensialı var və biz bu potensialdan daha səmərəli istifadə edərək qarşıdakı illərdə turist səfərlərini artıra bilərik”, - deyə bildirib.

“ITE Group” şirkətinin regional direktoru Edvard Stroon çıxış edərək tədbirə qatılmasından məmnunluğunu bildirib, “AITF 2018” sərgisi haqqında ətraflı məlumat verib. Bildirib ki, “Bütün dünya – bir sərgi” şüarı altında keçirilən “AITF 2018” sərgisində 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. Hər il sərginin tərkibi həm Azərbaycan, həm də xaricdən gələn iştirakçılarla yenilənir. AITF-da yeni iştirakçıların sayı, sərgi iştirakçılarının ümumi sayının 31%-ni təşkil edir. Sərgiyə ən çox tələb olunan müştərilər üçün qeyri-standart istirahət proqramı seçmək üçün mükəmməl imkanlar verən 90-dan çox turizm yerini təmsil edən və turizm sahəsində digər xidmət növlərini təmsil edən şirkətlər cəlb edilir. Ölkələrin fəal iştirakı artıq AITF-in əlamətidir. Bu il sərgi Azərbaycan, Gürcüstan, Dominikan Respublikası, İtaliya, Mərakeş, Tayland, Türkiyə, Çexiya, Rusiya, Sloveniya və s. ölkələrdən 13 milli və regional ekspozisiyaları qəbul edir.

Beynəlxalq Sərgi çərçivəsində 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2018” sərgisi də start götürüb. “Horex Caucasus 2018” regionda otel və restoran sektorunun yeganə ixtisaslaşdırılmış sərgisidir.

Bu sərgi, Cənubi Qafqaz və Xəzər regionunun qonaqpərvərlik sahəsində yeganə ixtisaslaşdırılmış tədbirdir. “HOREX Caucasu” sənayedə aparıcı oyunçuları, alıcıları və tərəfdaşları ilə fikir və təcrübə mübadiləsi, bazar rəqabət qabiliyyətini təhlil etmək və güclü işgüzar əlaqələr qurmaq üçün məhsul və xidmətlər nümayiş etdirmək üçün gözəl imkanlar yaradır.

Sərgi aprelin 7-nə qədər davam edəcək.

 

 

Açar sözlər: AITF HOREX Iteca