Dubayda Azərbaycan Ticarət Evinin yaradılmasına dair işlər başlanıb

16:23 - 5.04.2018


5 aprel, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaş ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin məlumatında deyilir ki, görüşdə çıxış edən Şahin Mustafayev bildirib ki, BƏƏ-də Azərbaycan məhsullarının geniş yayılması üçün Dubay Ticarət Evinin yaradılmasına başlanılıb.

“Şahin Mustafayev Azərbaycan ilə BƏƏ arasında sənaye, alternativ enerji, investisiya, neft və qaz, əczaçılıq, nəqliyyat və tranzit sahələrində əməkdaşlığın perspektivləri barədə təkliflərini bildirib. Bundan əlavə, o vurğulayıb ki, BƏƏ-dən olan şirkətlər Azərbaycanın sənaye parklarında, həmçinin Ələtdə yeni yaradılan Azad Ticarət Zonasında investorlar qismində fəaliyyət göstərə bilərlər”, - məlumatda belə deyilir. Şahin Mustafayev həmçinin Azərbaycanın tələbə mübadiləsi məsələlərində BƏƏ ilə əməkdaşlığa maraq göstərdiyini bildirdi.

Ənvər Qarqaş öz növbəsində vurğulayıb ki, viza rejiminin sadələşdirilməsi BƏƏ-dən Azərbaycana turist axınının artmasına səbəb olmuşdur. O əlavə edib ki, BƏƏ Azərbaycanla yük daşımaları, turizm, təhsil, neft və qaz sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Nazir Ənvər Qarqaş həmçinin, BƏƏ-yə ixrac missiyalarının təşkilinin Azərbaycanın kənd təsərrüfatı və sənaye məhsullarının ölkəsində tanıdılmasında əhəmiyyətini vurğulayıb.

 

 

Bütün xəbərlər