Layihə İdarəetmə Məktəbi beşinci məzun buraxılışını qeyd edir

16:00 - 6.04.2018


BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOİL, NİCO, Statoil, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL, Eni – bu gün Layihə İdarəetmə məktəbinin beşinci məzun buraxılışını qeyd etdi. SOCAR-ın Bakı Ali Neft Məktəbində keçirilmiş bugünkü tədbirdə 52 nəfər məzuna beynəlxalq miqyasda tanınan Corc Vaşinqton Universitetinin layihələri idarəetmə ixtisası üzrə magistr sertifikatı təqdim olundu.

Layihələri İdarəetmə Məktəbi (LİM) 2011-ci ilin yanvar ayında ölkədə potensialların yaradılması səylərini dəstəkləmək öhdəliyinin bir hissəsi kimi BP-nin əməliyyatçısı olduğu AÇG, BTC, Şahdəniz və CQBK layihələrindəki tərəfdaşlar tərəfindən yaradılıb.

Bu layihə mərhələlərlə həyata keçirilib. Layihə başlandığında qarşıya qoyulmuş məqsədlərdən biri də təlim proqramının icrasını yerli təlimçilərə təhvil vermək olub. LİM 4-cü fazada bu məqsədə nail olub və təlim proqramının keçirilməsi tamamilə yerli heyətə ötürülüb. Hazırda LİM-in bütün təlim heyəti yerli mütəxəssislərdən ibarətdir.

2017-ci ildə başlamış 4-cü faza SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə tərəfdaşlıq edən “Twenty Eighty Strategy Execution” şirkəti tərəfindən yerinə yetirilib. Hazırda LİM özünümaliyyələşdirmə mərhələsinə keçib və layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “Twenty Eighty Strategy Execution” ilə əməkdaşlıq şəraitində Bakı Ali Neft Məktəbi tərəfindən idarə olunur.

LİM layihələrin idarə olunması üzrə beynəlxalq səviyyədə qəbul edilmiş geniş bir təlim proqramı təmin etməklə həm özəl, həm də dövlət sektorundakı şəxslərin layihələri idarəetmə bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulub. Proqramın məqsədi həm layihələrin bilavasitə idarə edilməsinin icrasını təkmilləşdirmək, həm də ölkədə layihələrin idarə olunması üzrə uzunmüddətli bacarıqların yaradılmasını təmin etməkdir. Builki məzunlar hökumət, neft və qaz, sığorta, tikinti və təhsil də daxil olmaqla dövlət və özəl sektordan olan müxtəlif təşkilatları təmsil edirlər.

LİM-in tədris proqramı yeddi moduldan ibarətdir – Layihələrin idarə edilməsi, Layihəyə rəhbərlik, İdarəetmə və əlaqə, Risklərin idarə edilməsi, Planlaşdırma və xərclərə nəzarət, Layihə menecerləri üçün keyfiyyət, Layihənin idarə edilməsinin tətbiqi mexanizmləri, Layihələri idarəetmə mütəxəssisi (LİEM) imtahanına hazırlıq.

Fəaliyyətə başladığı vaxtdan etibarən LİM ilə bağlı əsas faktlar:  

  • Bu vaxtadək xərclənmiş vəsaitlərin ümumi həcmi (2011-2018): 2 milyon dollardan artıq (BP-nin əməliyyatçısı olduğu AÇG, BTC, Şahdəniz və CQBK layihələrindəki tərəfdaşlar tərəfindən)
  • İştirakçıların ümumi sayı: 377 nəfər
  • Dinləyici sertifikatı almış şəxslərin ümumi sayı: 357 nəfər
  • Magistr sertifikatı almış şəxslərin ümumi sayı: 334 nəfər
  • İştirakçıların təmsil etdiyi təşkilatların sayı: 141
Bütün xəbərlər