Naxçıvana həsr olunmuş Caspian Energy jurnalının təqdimatı keçiriləcək

12:58 - 9.04.2018


Caspian Energy İnternational Media Group və Caspian European Club Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi ilə birgə Caspian Energy jurnalının Naxçıvan MR-nin lider olduğu Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə həsr olunmuş xüsusi buraxılışının təqdimatını təşkil edəcək.

“Jurnalın təqdimatı 2018-ci il aprelin 17-də keçiriləcək”, - deyə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

O qeyd edib ki, təqdimatda Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Azərbaycandakı diplomatik missiya rəhbərləri, həmçinin Caspian European Club- üzv şirkətlərinin və idarə heyətinin üzvləri iştirak edəcəklər. 

“Bu reytinqdə regionlar 18 parametr üzrə 6 qrupa bölünüblər: sosial-demoqrafik xüsusiyyətlər, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı”, - deyə o söyləyib.

Telman Əliyev əlavə edib ki, Caspian Energy jurnalının bu nömrəsi həmçinin dünyanın 70 ölkəsinin dövlət və hökumət başçılarına, dövlət və transmilli şirkət rəhbərlərinə, beynəlxalq maliyyə institutlarına, aparıcı analitik mərkəzlərinə, investisiya şirkətlərinə və reytinq agentliklərinə təqdim olunacaq.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club yaradılıb. Hər iki təşkilat iki il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un üzvü, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Caspian Energy dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.

Bütün xəbərlər