330x110
 

Bakıda yeni metro stansiyası tikilir – Fotolar

21.09.2021,14:32


21 sentyabr, Fineko/abc.az. Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyanın inşasına başlanılıb.

Bu barədə ABC.AZ-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qeyd olunub ki, bənövşəyi xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında olduğu kimi, burada da tikinti “Qruntda divar” üsulu ilə aparılıb. Stansiyanın dərinliyi yerləşdiyi ərazinin relyefindən asılı olaraq 29-32 metrdir. Yuxarı səviyyədə kassa zalı və vestibül yerləşəcək. İkincisi keçid və yaxud texniki səviyyədir. Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin səviyyəsi olacaq. Platforma səviyyəsində qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalı yerləşəcək. Platforma Bənövşəyi xəttin digər stansiyaları kimi 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub.

Stansiyanın 4 giriş-çıxışı yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək. Burada da səviyyədən səviyyəyə keçid məqsədilə eskalatorlar quraşdırılacaq və pilləkənlər inşa olunacaq. Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. “B-04” stansiyası isə metropolitenin 28-ci stansiyası olacaq.

Müəllif: Elmir Murad