Pilot layihə bu ilin sonuna, ya gələn ilin əvvəlinə Zəngilanda hazır olacaq - Prezident

14:22 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. "Təbii, biz bunu, ilk növbədə, öz vətəndaşlarımız üçün edirik ki, bu bölgəni yenidən quraq və keçmiş məcburi köçkünlər tezliklə oraya qayıda bilsinlər".

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, artıq birinci belə pilot kənd layihəsi yəqin ki, bu ilin sonuna, ya gələn ilin əvvəlinə Zəngilan rayonunda hazır olacaqdır.

"Eyni zamanda, Ermənistan əhalisi də, Qarabağda yaşayan ermənilər də bunu görürlər. Çünki bizim televiziyalara baxırlar, bizim radioya qulaq asırlar və görürlər ki, burada nə kimi işlər görülür. Təsadüfi deyil ki, erməni xalqının nümayəndələri artıq bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb rica etmişdilər ki, onları da bu işlərə cəlb edək. Çünki onlar orada işsiz–gücsüz qalıblar, işsizlik, səfalət və ümidsiz bir vəziyyətdədirlər. Biz buna müsbət baxırıq, ancaq gərək bunun hüquqi tərəfi tam yerinə otursun. Çünki mən demişəm, bir daha demək istəyirəm ki, biz orada yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpağında yaşayırlar, Qarabağ hər zaman Azərbaycan olub - istər sovet dönəmində, istər ondan əvvəlki dönəmdə, işğal dönəmində də Azərbaycan olub. Onları biz Azərbaycan vətəndaşları hesab edirik, sadəcə olaraq, onlar bunu qəbul etməlidirlər, onlar öz yaxalarını erməni təbliğatından qurtarmalıdırlar, onlar öz gələcəyini, öz uşaqlarının gələcəyini təmin etməlidirlər. Biz hazır olarıq ki, onları işlərə cəlb edək. Niyə də etməyək?” deyə Prezident vurğulayıb.

 

Bütün xəbərlər