İlham Əliyev: Azərbaycan iqtisadiyyatı 2,3% artıb və bu, dünya miqyasında artım templərini üstələyən əla göstəricidir

11:46 - 10.04.2018


10 aprel, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2018-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş Nazirlər Kabinetinin iclası keçirilmişdir.

Görüş zamanı dövlət başçısı qeyd edib ki, birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3% artıb və bu, dünya miqyasında artım templərini  üstələyən əla göstəricidir, qeyri-neft sektorunda isə artım təxminən 3% təşkil edir və bu, iqtisadiyyatın şaxələndirilməsi üzrə aparılan siyasətinin nəticəsidir.

“Birinci rübdə sənaye istehsalı 2%, qeyri-neft sənayesi isə təxminən 10% artmışdır. Bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Qeyri-neft sənayemiz 10% artıb və hesab edirəm ki, bu, rekord göstərici sayıla bilər. Kənd təsərrüfatı 4,2% artıb”, - İ.Əliyev belə deyib .

Onun sözlərinə görə, ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir.

“Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artmışdır və hazırda 44,2 milyard dollara bərabərdir. Hesab edirəm, 3 ay ərzində 2 milyard dollardan çox artan valyuta ehtiyatlarımız bir tərəfdən onu göstərir ki, biz ehtiyatlarımızdan çox qənaətlə istifadə edirik, digər tərəfdən, bu, son illər ərzində apardığımız uğurlu neft siyasətinin nəticəsidir. Çünki bu vəsaitin tərkibində keçən il imzalanmış “Azəri-Çıraq-Günəşli” yatağının istismar müddətinin uzadılması ilə bağlı kontraktdan irəli gələn 450 milyon dollar bonus da vardır”, - deyə İ.Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, xarici ticarət dövriyyəmiz 31%, qeyri neft  ixracı isə 37% faiz artmışdır. Ümumi ixrac 24% artmışdır. Bu da bizim siyasətimizin bariz nümunəsidir. Çünki ixracın şaxələndirilməsi iqtisadi sahədə əsas prioritet məsələdir ki, biz daha çox qeyri-neft sektorundan valyuta əldə edək və beləliklə, yerli istehsal güclənsin, yeni iş yerləri yaradılsın və ölkəmiz daha da sürətlə inkişaf etsin.

Birinci rübdə 34 min yeni iş yerləri, o cümlədən 31 minə yaxın daimi iş yerləri yaradılmışdır. Birinci rübdə əhalinin gəlirləri təxminən 10% artıb, inflyasiya cəmi 4% təşkil edib.

 

Bütün xəbərlər