İlham Əliyev: Biz mütləq yeni ixrac bazarlarına üz tutmalıyıq

11:51 - 10.04.2018


10 aprel, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev ölkədə ixrac fəaliyyətini aktivləşdirməyi tapşırıb.

Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və irəlidəki problemlərə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, hazırda bu istiqamətdə işlər aparılır, müxtəlif ölkələrə ixrac missiyaları göndərilir.

“Biz mütləq yeni ixrac bazarlarına üz tutmalıyıq. İndi bu istiqamətdə işlər gedir, müxtəlif ölkələrə ixrac missiyaları ezam edilir. Daha da fəal olmalıyıq və daha ciddi nəticələr olmalıdır ki, kontraktlar imzalansın və bizim məhsulumuz növbəti, yəni, yeni bazarlara çıxa bilsin. Təbii ki, ənənəvi bazarlarda yerimizin möhkəmləndirilməsi istiqamətində addımlar atılır. Hazırda Azərbaycanda 400 hektarda, ondan da çox sahədə yeni istixana kompleksləri yaradılır. Onların bir hissəsi artıq fəaliyyətə başlayıb. Bu istixanaların əsas bazarı xarici bazarlardır. Çünki biz özümüzü tərəvəzlə artıqlaması ilə təmin edirik”, - İlham Əliyev belə deyib.

Onun sözlərinə görə,  indi təhlil aparmaq üçün ölkənin daha geniş imkanlar var. Çünki “Azexport” portalına daxil olan sifarişlər, əslində, marketinq üçün çox əhəmiyyətli bir vasitədir.

“Əvvəllər marketinqi xarici bazarlarda aparmaq üçün bizim belə imkanımız yox idi. Bu işlər daha çox kor-təbii görülürdü. Amma “Azexport” portalının əhəmiyyəti ondadır ki, həm yerli istehsalçılar öz məhsulları barədə məlumatları bu saytda yerləşdirirlər, həm də xaricdən sifarişlər gəlir. Təhlil apararkən görürük, bəzən elə sifarişlər gəlir ki, biz o sifarişləri tam yerinə yetirə bilmirik. Bu, dövlət qurumlarına və sahibkarlara yol göstərir ki, həmin sahələr inkişaf etməlidir. Əlbəttə, çox istərdim ki, kənd təsərrüfatı məhsullarının emalı sənayesi daha sürətlə inkişaf etsin. Mövcud inkişaf bizi qane edə bilməz. Düzdür, son vaxtlar bir çox konserv və şirə istehsalı zavodları işə düşüb. Əlbəttə, bu, bizim potensialımızı əks etdirmir. Ancaq 400 hektarda yaradılacaq istixanaların məhsulu, onun bir hissəsi, yaxşı olar ki, böyük hissəsi Azərbaycanda emal olunsun və ixrac edilsin”, - deyə İ.Əliyev bildirdi.

Onun sözlərinə görə, indi kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən pomidor ixracıdır. Ancaq əgər burada yeni emal müəssisələri yaranarsa, biz hazır məhsul ixrac edərik və hazır məhsula, deyə bilərəm ki, daha böyük tələbat və daha az rəqabət var.

“Ona görə hesab edirəm ki, biz kənd təsərrüfatı emalı sahəsində səylərimizi gücləndirməliyik. Biz son vaxtlar daha çox istehsala üstünlük verirdik və kreditlər verilirdi. Bu ildən başlayaraq, çox ciddi konkret plan tərtib edilməlidir – hansı bölgələrdə, hansı emal müəssisələri, konserv, şirə zavodları açılsın. Biz ixracyönümlü kənd təsərrüfatı sahələri üzrə işlərimizi bundan sonra da davam etdirəcəyik”, - prezident belə deyib.

 

Bütün xəbərlər