Tibbi Turizm sahəsində Alman-Azərbaycan əməkdaşlığı genişlənir

13:40 - 10.04.2018


10 aprel 2018-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində Tibbi Turizm üzrə Alman-Azərbaycan Biznes Forumunu keçirdi.
Biznes Forum Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar olaraq “Berlin Biznes və Texnologiya Tərəfdaşı” GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil edildi.
Tədbirin rəsmi açılışı AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann tərəfindən edildi. Forum haqqında qısa məlumat verildikdən sonra Almaniya Federativ Respublikasının Səfirliyinin İqtisadi Attaşesi xanım Hayke Mökel tibbi turizm sahəsində Almaniya və Azərbaycan arasında əməkdaşlıq imkanları haqqında çıxış etdi və Almaniyanın azərbaycanlı həmkarları ilə öz bilik və təcrübəsini paylaşmağa hazırolduğunu qeyd etdi. AHK Azərbaycanın İdarə Heyətinin üzvü və Səhhət klinikasının direktoru cənab Malik 
Kərimov Almaniyanın səhiyyə sistemində Azərbaycana göstərdiyi dəstək, eləcə də alman şirkətləri ilə həyata keçirilən birgə layihələr və Təcrübəli Ekspertlər Xidməti (SES) barədə çıxış etdi.Forumun rəsmi açılışından sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru cənab Ceyhun Məmmədov iştirakçılara tibbi turizm sektorunda Azərbaycanda həyata keçirilən mövcud islahatlar, dövlət proqramları və gələcək layihələr barədə məlumat verdi. Cənab 
Məmmədov bu forumun Azərbaycanın xarici turistlər üçün tibbi turizm məkanına çevrilməsinə öz töhfəsini verəcəyinə dair əminliyini ifadə etdi.
Daha sonra Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri cənab Ruslan Quliyev tibbi turizm sahəsində Alman-Azərbaycan əməkdaşlığına dair imkanlar barədə təqdimat etdi. O, həmçinin Assosiasiyanın AHK Azərbaycanın bu sahədə gördüyü işləri dəstəkləməyə hazır olduğunu bildirdi.Forum Almaniyanın nümayəndə heyətinin Alman klinikaları və tibb müəssisələrinin fəaliyyətləri, həmçinin səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı Azərbaycanlı tərəfdaşlara verdiyi təqdimat ilə davam 
etdi. Tədbirin sonunda tibbi turizm sektorunda fəaliyyət göstərən Alman və Azərbaycan şirkətləri arasında ikitərəfli biznes görüşləri keçirildi.

Bütün xəbərlər