Təhlükəsiz əmək şəraiti işçilərin həyat və sağlamlığının qorunması ilə yanaşı, əmək məhsuldarlığının da artmasına imkan yaradır

14:21 - 10.04.2018


İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüquqları vardır və təcrübə göstərir ki, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması işçilərin həyat və sağlamlığının qorunması ilə yanaşı, əmək məhsuldarlığının da artmasına imkan verir. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Xətai  rayonunda təşkil etdiyi “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda təşkil etdiyi seminarda vurğulanıb.

Rayon ərazisində fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələrinin, əməyin mühafizəsi üzrə mütəxəssislərin, işçilərin iştirak etdikləri seminarda əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinin, əməyin mühafizəsi normalarının, standart və qaydalarının əmək münasibətlərinin tərəfləri, digər fiziki və hüquqi şəxslər üçün məcburi olduğu diqqətə çatdırılıb. Seminarda əməyin mühafizəsi normaları və qaydaları tətbiq edilən iş yerləri, əməyin mühafizəsinin əsas prinsipləri və normativ hüquqi tənzimlənməsi, bu sahədə mülkiyyətçinin və işəgötürənlərin,  işçilərin vəzifələri barədə məlumat verilib. Habelə müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələbləri, işçinin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatlardan bəhs olunub.

Əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində əməyin mühafizəsi xidmətinin yaradılması ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər təqdim edilib. Qeyd olunub ki, əməyin mühafizəsi xidmətlərinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxildir. Əməyin mühafizəsi xidmətinin mütəxəssisləri əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək hüququna malikdirlər.

Seminarda mövzu ilə bağlı iştirakçıların sualları da cavablandırılıb, onlara mövzu üzrə maarifləndirici bukletlər paylanıb. Tədbir zamanı bu və ya digər iş yerində istehsalat qəzalarının qarşısının alınması üçün görülməli olan önləyici tədbirlər barədə də ətraflı məlumatlar verilib.

 

Bütün xəbərlər