Azərbaycan respublikasi Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət komitəsinin məlumati

14:23 - 10.04.2018


MDB ölkələri arasında keyfiyyət sahəsində əldə edilən nailiyyətlərə görə keçirilən müsabiqənin nəticələri elan olunub

Azərbaycan müəssisələri olan “Azərtexnolayn” MMC və “Gazelli Group” MMC müsabiqənin qalibləri seçilib

İstehsal və xidmətlər üzrə keyfiyyət sahəsində əldə edilən nailiyyətlərə görə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müəssisələri arasında keçirilən müsabiqənin qalibləri müəyyən olunub.

MDB-nin İqtisadi Şurasının qərarı ilə “İşçilərinin sayı 251-dən 3000-dək olan istehsal təyinatlı məhsulların istehsalı” nominasiyasında Azərbaycanı təmsil edən “Azərtexnolayn” MMC və “İşçilərinin sayı 250-dək olan xalq təsərrüfatı məhsullarının istehsalı” nominasiyasında isə “Gazelli Group”  MMC müsabiqənin “Laureat”ı (qalibi) adına layiq görülüb.

Qaliblər müsabiqənin ikinci mərhələsində MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının təyin etdiyi ekspertlər qrupu tərəfindən zəruri sənədlərin təhlili və istehsal müəssisələrində həyata keçirilən auditin nəticəsində seçilib.

Məlumat üçün bildirək ki, müsabiqənin I mərhələsi MDB-yə üzv ölkələrin aidiyyəti qurumları tərəfindən keçirilir. Bu məqsədlə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2017-ci ildə ölkə üzrə qaliblərin müəyyən edilməsi ilə bağlı elan vermişdir. Müsabiqənin tələblərinə əsasən müraciət edən təşkilatlar iki ildən az olmamaq şərti ilə istehsal olunan məhsulların və ya xidmətlərin yüksək keyfiyyətliliyini təsdiq etməli, həmçinin iki ildən az olmamaq şərti ilə məhsullar MDB-yə üzv dövlətlərə ixrac edilməlidir. Müsabiqənin birinci mərhələsinin qalibləri “Azərtexnolayn” MMC (Polad borular istehsalı)  və “Gazelli Group”  MMC-nin (Parfümeriya məhsullarının istehsalı) sənədləri ikinci mərhələdə iştirak üçün MDB-nin Dövlətlərarası Şurasına təqdim edilmişdir.

Müsabiqədə təşkilata üzv ölkələrdən Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna, Moldova və Ermənistanı təmsil edən bir çox müəssisələr iştirak edib.

 

Bütün xəbərlər