Mənim yaratdığım Fond hazırda Qarabağda bütün məscidlərin bərpasına sərmayə yatırır - İlham Əliyev

15:04 - 13.10.2021


13 oktyabr, Fineko/abc.az. ""Pandora Sənədlər"ində nə yazılıbsa, səmimi desəm, mən onları oxumamışam. Mənə məlumat verildi və orada ola bilsin 5 faiz həqiqətdir. Qalanı isə yalandır".

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinənin jurnalistinə "Pandora Sənədlər"indən danışarkən bildirib.  Dövlət başçısı daha sonra sözlərinə belə davam edib: "Amma bir daha bu haqda açıq söyləməyə qanuni haqqım var. Azərbaycanda sirr deyil ki, mənim qohumlarım və ailə üzvlərim biznesdə, xeyriyyəçilikdə və hazırda Qarabağda aparılan bir çox işlərdə iştirak edirlər. Məsələn, mənim yaratdığım Fond hazırda Qarabağda - Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Biz qaçqınlar üçün evlərin tikintisini maliyyələşdirmişik. Beş mindən çox ailə üçün bu işi görmüşük. Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur”.

 

Bütün xəbərlər