330x110
 

“Zəngəzur dəhlizi”nin gerçəkləşdirilməsi regionun iqtisadi artım potensialına töhfə verə bilər - Açıqlama

15.10.2021,16:30


15 oktyabr, Fineko/abc.az. ”Post-konflikt quruculuğu, həmçinin tədiyyə və icmal büdcə balanslarının profisiti şəraitində makroiqtisadi fundamentallar iqtisadi artımı stimullaşdırır.

ABC.AZ xəbər verir ki, bu fikirlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd olunub.

Məlumatda vurğulanıb ki, BVF-nin proqnozlarına əsasən Azərbaycanın cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti 2021-ci ildə 7,8 faiz təşkil etməklə Orta Şərq və Mərkəzi Asiyanın eyniadlı göstəricisi – 1,7 faizdən əhəmiyyətli şəkildə üstün olacaq.  "Proqnozlara görə Azərbaycan cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti göstəricisinə görə 2021-ci ildə Orta Şərq və Mərkəzi Asiya bölgəsində ilk üçlükdə qərarlaşacaq.

Azərbaycan post-neft dövrünə hazırlaşsa da, hazırda enerji bazarlarında yaşanan problemlərin fonunda neft-qaz ixracatçısı statusunu inamla qoruyur və ciddi təhdidlərlə üzləşmiş Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir. Dünyada təchizat zəncirlərində yaşanan problemlərin fonunda Azərbaycanın Şərq-Qərb dəhlizinin üzərində yeni bir arteriyanın – “Zəngəzur dəhlizi”ni gerçəkləşdirməsi təkcə ölkəmizin deyil, regionun iqtisadi artım potensialına töhfə verə bilər" deyə məlumatda qeyd olunub.