"Baku Steel Company"nin zavodunda istehsal prosesində süni intellektdən istifadə ediləcək

14:38 - 20.10.2021


20 oktyabr, Fineko/abc.az. Azərbaycanın nəhəng zavodu "Baku Steel Company" yeni layihəyə başlamaq üzrədir.

ABC.AZ-ın məlumatına görə, zavodda istehsal prosesində süni intellektin tətbiq olunması nəzərdə tutulub.

Yeniliyin mahiyyəti metal əritmə prosesində elektrik qövs sobasında süni intellektdən istifadə edilməsindən ibarətdir.

Yeni layihənin tətbiqi ilə metalın əridilməsində qərarvermə prosesi insan tərəfindən deyil, süni intellekt vasitəsilə həyata keçiriləcək.

Həm ərintinin getməsi, həm qatqıların əlavə edilməsi, həm də digər lazım olan proseslər üçün lazımi parametrlər və məlumatlar kompüterin yaddaşına daxil ediləcək və proses avtomatik rejimdə tənzimlənəcək. Yəni insan faktoru minimuma endiriləcək və poladəridənlər sadəcə işin gedişatına nəzarət edəcəklər.

Hər hansı gecikmə olduğu təqdirdə sistem dərhal xəbərdarlıq edəcək və lazımi tədbirlər görüləcək.

İlkin hesablamalara görə, bu startap tətbiq olunarsa, sutkada 24 saat işləyən zavod il ərzində milyonlarla manat vəsaitə qənaət etməklə gəlirlərini daha da artıracaq.

 

Bütün xəbərlər